XƏBƏRLƏR Arxiv 297 Çap et
12.04.2018 / Mühüm hadisələr Fiziologiya İnstitutu ilə Belarus Respublikası MEA-nın Fiziologiya İnstitutu arasında AR-nın Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə birgə elmi tədqiqatlar aparılır

     Dünyanın bir çox ölkələrində neyrodegenerativ və neyrodestruktiv xəstəlik­lə­rin sayı durmadan artır (Conell et al., 2016). Hal-hazırda normada və patologiyada beynin plastikliyi, patogenez prosesinə meyl etdirən faktorlar tam aydınlaş­dırıl­ma­mış qalır. Odur ki, göstərilənlər (2018-2020-ci illər üçün nəzərdə tutulmuş beynəlxalq layihə üzrə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu (layihənin rəhbəri b.ü.e.d. Pənahova E.N.) ilə Belarus Respublikası MEA-nın Fiziologiya İnstitutu (layihənin həmrəhbəri akademik Kulçitskiy V.A.) arasında birgə elmi tədqiqatların aparılmasında həm fundamental, həm də tətbiqi baxımdan mühüm arqumentdir.

     Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə həyata keçirilən “Qocalma prosesində innovativ  reabilitasiya tədbirlərinin işlənib hazırlanması məqsədi ilə Alzheymer xəstəliyinin eksperimental modelində görmə sisteminin funksiyalarının pozulması mexanizmlərinin neyrofizioloji analizi” adlı Qrant layihəsi çərçivəsində olfaktor bulboektomiya vasitəsilə davranışın eksperimental pozulması və Morrisin su hövzəsində heyvanların fəza (naviqasiya) yaddaşının yoxlanılması ilə bağlı tədqiqatlar aparılır. İlkin nəticələr göstərir ki, bulboektomiya olunmaqla yaddaşı pisləşmiş heyvanlara sarıkök məhlulunu peroral vermək fəza yaddaşında mühüm yaxşılaşmaya gətirib çıxarır.

     Neyrodegenerativ xəstəliklərin erkən mərhələsində istifadə olunacaq kök hücey­rə­lə­ri, sarıkök və zəfəranın köməkliyilə bərpa proseslərinə nail olmaqla innovativ  reabilitasiya tədbirlərinin işlənib hazırlanması da tədqiqatın məqsədinə daxildir.

     Aparılmış əvvəlki tədqiqatlar göstərir ki, amiqdala görmə funksiyasına daimi monitorinq yerinə yetirir (Pənahova E.N., 2013). Amiqdala görmə məlumatının bioloji əhəmiyyətini qiymətləndirmədə iştirak edir, həmçinin görmə obrazının identifikasiyası və diskriminasiyasını həyata keçirir. Görmə-amiqdalyar sistemdə genetik determinləşmiş qarşılıqlı münasibətlərdə yaranan destruktiv mexanizmlər aqnostik proseslər zamanı (xüsusilə Alzheymer xəstəliyində) koqnitiv patologiyanın inkişafının əsasında dura bilər.

     Aparılacaq tədqiqatlar nevrologiya və oftalmologiya sahəsində müxtəlif neyrode­ge­ne­rativ xəstəliklərin proqnostik məqsədlə keçirilən klinikaya qədərki qeyri-invaziv diaqnostikası üçün praktiki tövsiyələr hazırlamağa imkan verəcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.