XƏBƏRLƏR Arxiv 57 Çap et
17.06.2020 / Yeni nəşrlər "İrəvan şəhəri-necə varsa" monoqrafiyasının nəşrə hazırlanmasına dair müzakirələr aparılıb

İyunun 17-də Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

Tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə baş tutan tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Elmi şuranın sədri, akademik İsa Həbibbəyli, şura üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri və aidiyyəti üzrə şəxslər iştirak ediblər.

İclası akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib. Yığıncaqda müzakirəyə çıxarılan ilk məsələ Prezident İlham Əliyevin çağırışına cavab olaraq "İrəvan şəhəri-necə varsa" monoqrafiyasının hazırlanması haqqında olub.

Mövzu ilə bağlı danışan akademik İ.Həbibbəyli ölkə başçısının Tərtər rayonuna səfəri zamanı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərarlar, İrəvanın Ermənistana verilməsi, eləcə də buradakı türk mənşəli toponimlərin saxtalaşdırılması məsələsinə toxunduğunu xatırladıb. Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə artıq AMEA-da bir sıra tədqiqatların həyata keçirilməsinə başlanıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli tədqiqatların nəticəsinin "İrəvan şəhəri-necə varsa", "Qərbi Azərbaycan-necə varsa" və "Dağlıq Qarabağ-necə varsa" kitablarında əksini tapacağını qeyd edib. İ.Həbibbəyli sözügedən nəşrlərin rus, ingilis dillərinə tərcümə edilərək beynəlxalq müstəvidə təbliğatının aparılacağını söyləyib.

Kitabın layihəsini təqdim edən alim qeyd edib ki, ilkin mərhələdə "İrəvan sözünün mənşəyi və İrəvan şəhərinin yaradılması tarixi", "İrəvan şəhəri qədim dövr və orta əsrlərdə", "İrəvan xanlığının baş kəndi", "İrəvan şəhəri Çar Rusiyası idarəçiliyində", "İrəvan şəhəri XX-XXI əsrlərdə" və "İrəvanda Azərbaycan mədəniyyəti və təhsili" fəsillərindən ibarət "İrəvan şəhəri-necə varsa" monoqrafiyasının nəşrə hazırlanması nəzərdə tutulur.

Bu günə qədər AMEA-nın müxtəlif institutları tərəfindən İrəvanın tarixi, arxeologiyası, əhalisi, toponimləri, maddi mədəniyyət nümunələri, xəritəsi, coğrafiyası, iqtisadiyyatı və s. istiqamətlərdə əsərlərin ərsəyə gətirildiyini xatırladan akademik yeni monoqrafiyanın əhatəliyi və sistematikliyi ilə digərlərindən fərqlənəcəyini vurğulayıb.

Sonra fikir və təkliflər səsləndirilib, nəşrin hazırlanmasında iştirak edəcək Tarix, Qafqazşünaslıq, Ədəbiyyat, Dilçilik, Folklor, Memarlıq və İncəsənət, Arxeologiya və Etnoqrafiya, Coğrafiya, İqtisadiyyat institutları, eləcə də Milli Azərbaycan Tarixi Muzeyi, AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dillər Universitetinin vəzifələri müəyyənləşdirilib.

Sonda iclasda bir sıra cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.