XƏBƏRLƏR Arxiv 63 Çap et
08.11.2020 / Mühüm hadisələr Şuşa şəhəri işğaldan azad edildi

"Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!"

Bu gün bu möhtəşəm, hər sözündə bir qürur, fəxarət, cəsarət, mərdlik olan sözləri ölkə prezidenti, ali baş komandan İlham Əliyev səsləndirdi.

Bəli, bu gün əsası 18-ci əsrdə qoyulan Azərbaycanın qədim şəhəri Şuşa, düz 28 il 6 aydan sonra düşmən işğalından azad oldu. Bu gün 1750-ci ildən Qarabağ xanlığının paytaxtı, 1822-ci ildən Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən isə Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olan Şuşa azaddır. Bu gün bağrı yaralı qartalım qanadlarını çırpıb Qarabağ üzərinə kölgəsini salıb, 1992-ci il mayın 8-dən başlayan həsrətə son qoyulub.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun rəhbər və kollektivi bu gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik. Qələbən mübarək, Vətən! - söyləyir. Bu qələbəni bizə qazandıran şəhidlərin ruhu qarşısında baş əyirik. Şəhid anaları, acınız acımız, oğlunun qanı yerdə qalmadı, deyirik.

Qeyd edək ki, mayın 8-dən Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.

Artıq torpaqlarımızı işğaldan azad edirik. Ancaq zəfərə doğru!

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.