XƏBƏRLƏR Arxiv 47 Çap et
12.02.2021 / Mühüm hadisələr Lənkəran Regional Elmi Mərkəzi qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyətini genişləndirir

Prezident İlham Əliyevin dərin elmi əsaslara söykənən iqtisadi strategiyasının uğurla icra olunması, qəbul olunan Dövlət proqramları, inkişaf konsepsiyaları Azərbaycanda iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, əhalinin sosial rifah halının daha da artırılmasına böyük töhfələr verir. Nəticədə uzunmüddətli aparılan geniş elmi-tədqiqatlar nəticəsində Azərbaycan subtropiklərində yetişdirilən çayın, sitrus bitkilərinin və d. subtropik meyvə və texniki bitkilərin yüksək keyfiyyətə malik olması və iqtisadiyyatın yüksəldilməsində böyük rolu sübut olunub. AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi (Lənkəran REM) də bu yöndə fəaliyyətini elmi zəmində genişləndirmək üçün müxtəlif metodlardan istifadə etməyə səy göstərir.

AMEA rəhbərliyinin elmi-tədqiqat işlərində ayrı-ayrı nazirliklərin və elm müəssisələrinin yaxından iştirakına verdiyi xüsusi önəmi əsas tutaraq ötən dövr ərzində Lənkəran REM-i çayçılığın və sitrusçuluğun elmi zəmində inkişafı sahəsində bir sıra uğurlu nəticələr qazanıb. Belə ki, elmi müəssisə Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (MÇ ETİ) Lənkəran çay filialı bazasında elmi-tədqiqat işlərinin müştərək aparılması üçün 2015-ci ildə bağlanmış müqaviləyə əsasən, Lənkəran REM-nin direktoru, professor Fərman Quliyevin rəhbərliyi altında Çay və sitrus bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması mövzuları üzrə tədqiqat işləri aparılıb. Tədqiqatlarda uzun illərdən bəri çay bitkisinin 50-dan çox sort və formaları toplanaraq Lənkəran çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilib və bir sıra uğurlar əldə edilib. Çay kollarının morfoloji, bioloji, məhsuldarlığı və məhsulun keyfiyyət göstəriciləri  öyrənildikdən  sonra həmin kollardan çilinglər tədarük edib, vegetativ üsulla çoxaldılaraq Lənkəran çay filialının klon tədqiqi təcrübə sahəsində hərtərəfli öyrənilib, nümunəvi anaclıq sahəsi yaradılıb.

Beləliklə, Lənkəran çay filialının təcrübə sahəsində çayın klassik və seleksiya üsulları ilə yaradılmış müxtəlif forma və klonları üzərində birgə aparılan elmi-tədqiqat işlərinin nəticəsində 4 yeni - “Fərmançay”,  “Lənkəran”,  “Xəzər”,  “Fərmançay çəhrayı” sortları sort sınağından uğurla keçərək Dövlət Reyestrinə salınıb.

Həmçinin birgə fəaliyyətin nəticəsi olaraq sitrus bitkiləri üzərində aparılan elmi tədqiqatlar zamanı yeni limon və naringi sortu əldə olunub.  “Lənkəran meyeri” (“Meyer ağçiçək”) və yeni naringi “Karlik tezyetişən” sortu yüksək məhsuldarlığına, şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlülüyünə görə fərqlənirlər.

Yüksək məhsuldarlığına malik olan yeni limon və naringi  sortu  KT Nazirliyinin yanındakı Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən sınaq məqsədilə qəbul edilib.

İkitərəfli əməkdaşlığın son dövrlərdə uğurlu nəticəsi kimi bölgəmiz üçün yeni tropik-subtropik bitki olan quayava ilə bağlı aparılan elmi-tədqiqat işlərini göstərmək olar. Hazırda müalicəvi xüsusiyyətləri ilə ciddi surətdə fərqlənən bu möcüzəvi bitkinin açıq torpaq sahəsində, qışda sintetik örtük altında becərilməsi imkanlarını müəyyən etmək üçün professor Fərman Quliyev tərəfindən İran İslam Respublikasının Mazandaran ostanından introduksiya edilib, çoxillik təcrübələrdən əldə edilmiş nəticələr göstərir ki, Lənkəran-Astara subtropik bölgəsi şəraitində psidium quayava bitkisi normal boy atıb inkişaf edir və yüksək məhsulvermə qabiliyyətinə malikdir. Bu bitkinin çoxaldılmasında bir sıra uğurlar əldə edilib və hazırda quayavanın 2 yeni-sarı və qırmızı sortlarının sınaqdan keçirilməsi məqsədilə 2020-ci ildə sort sınağına təqdim edilib.

Ötən dövr ərzində əldə edilən uğurlu nəticələr hər iki kollektivi birgə əməkdaşlıq barədə müqavilənin daha 5 il uzadılmasına stimul verib. Bu günlərdə yeni müqavilənin imzalanması mərasimində professor Fərman Quliyev, KTN-in MÇ ETİ-nin Lənkəran çay filialının direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru İltifat Kərimov bu əməkdaşlığın uğurlarını qeyd edib, gələcək hədəflərdən danışıblar. Bildirilib ki, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların icrası ilə əlaqədar və həmçinin Lənkəran-Astara rütubətli subtropik bölgəsində xalq seleksiyası və məqsədyönlü seleksiya istiqamətində elmi əsaslarla yaradılmış, eyni zamanda introduksiya olunmuş çoxsaylı sitrus, subtropik meyvə, texniki və çay bitkisinin sort və formalarının mövcudluğunu nəzərə alıb, stasionar və kəşfiyyat xarakterli tədqiqatların aparılması, genofond-kolleksiya bağının salınması, birgə kadr hazırlığı, maddi texniki bazanın yaradılması üçün araşdırma və təlim sahələrində əməkdaşlığın qurulması, müştərək elmi-tədqiqat laboratoriyaların təşkili, çay və subtropik bitkilərin emal olunması, yeni məhsulların əldə edilməsi və s. məsələlər memoranduma salınıb

Bunlarla yanaşı, bütövlükdə Lənkəran–Astara bölgəsinin zəngin bitki örtüyü, o cümlədən Azərbaycanın “Qırmızı kitabı”na salınmış relikt və endemik bitkilərin - ipək akasiyası, dəmir ağacı, şabalıdyarpaqlı palıd və bir sıra ağac-kol tipli bitkilərinin artırılması məqsədilə tingliyin yaradılması və bəzək bağçılığında, xüsusilə ölkə daxilində və xaricində yayılması da nəzərdə tutulub.

Sərraf TALIBOV, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı