XƏBƏRLƏR Arxiv 96 Çap et
19.03.2021 / Mühüm hadisələr AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Novruz bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki

Hörmətli həmkarlar!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ailə səadəti, xoşbəxtlik, cansağlığı və süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Təbiətin oyanışı və baharın rəmzi olan Novruz bayramı xalqımızın adət-ənənələrinə, milli dəyərlərinə bağlılığı sayəsində əsrlərin sınağından keçib gələrək, yurdumuzda həmişə özünəməxsus şəkildə qeyd olunmuşdur. Novruz bayramı xalq yaradıcılığımızda, adət-ənənələrimizdə, musiqimizdə, ədəbiyyatımızda, sənətkarlıq nümunələrimizdə geniş əksini tapmış, insanlarımızın sevinc qaynağına, milli birlik, həmrəylik nişanəsinə çevrilmişdir. Novruz bayramı əsrlər boyu dostluq, sülh, əmin-amanlıq, barışıq, humanizm anlayışları aşılamış, bəşəri ideyaların qorunmasına və inkişafına mühüm töhfələr vermişdir.

Bu gün də ölkəmizdə geniş şəkildə qeyd olunan Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış, 2010-cu ildə isə BMT tərəfindən mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında Novruz bayramı, onun mahiyyəti, adət-ənənələri, xalq yaradıcılığında əksi istiqamətində geniş tədqiqatlar həyata keçirilmiş, kitablar, məqalələr çap olunmuş, bayramın beynəlxalq miqyasda təbliğatı aparılmışdır. Bu proses hazırda da davam etməkdədir.

Builki Novruz ölkəmizdə Qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Çünki bu bayramı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağımızla birgə keçiririk.

Sizi Novruz bayramı münasibətilə bir daha təbrik edir, xoş günlər arzulayır, elmi yaradıcılığınızda uğurlar diləyirəm.

Ramiz MEHDİYEV,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik