XƏBƏRLƏR Arxiv 126 Çap et
24.03.2021 / Mühüm hadisələr Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

Tanınmış fizioloq alim, akademik Abdulla Qarayev Fiziologiya İnstitutunun “Neyrofiziologiya” laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor Zakir Məmmədov martın 23-də 75 yaşında vəfat edib.

Zakir Hüseyn oğlu Məmmədov 1946-ci il iyulun 1-də Qərbi Azərbaycanın (indiki Ermənistanın) İrəvan şəhərində anadan olmuşdur. Ukraynanın Kiyev Politexnik İnstitutunda (indiki Ukrayna Milli Texniki Universiteti) ali təhsilini almış və biologiyaya olan marağı onu insan orqamizminin ali orqanı olan beynin tədqiqatları ilə məşğul olan Fiziologiya İnstitutuna gətirmişdir. Burada gənc tədqiqatçı akademik Hüseyn Həsənovun rəhbərliyi altında elektrofizioloji tədqiqatlara cəlb olunaraq adi mühəndis vəzifəsindən qrup rəhbəri, laboratoriya müdiri vəzifələrinə yüksəlmişdir və bugün Respublikada neyrofiziologiya sahəsində qabaqcıl alimlərdən biri kimi tanınır.

Zakir Məmmədovun elmi bioqrafiyasında mühüm səhifələrdən biri onun  1982-1987-ci illərdə SSRİ Elmlər Akademiyasının "Beyin" uzunmüddətli kompleks elmi proqramı çərçivəsində Çexoslovakiya Elmlər Akademiyasının Fiziologiya İnstitutunda təcrübə keçməsi olmuşdur. Sonralar neyrofizioloji eksperimentin nəticələrinin analizində o dövr üçün unikal ölçmə, telemetrik, elektron-hesablayıcı sistemlərin istiafadəsi sahəsində SSRİ EA-nın Biofizika İnstitutunda (Puşşino şəh., Moskva vilayəti) görkəmli rus alimi akademik M.N.Livanovun rəhbərlik etdiyi “Yaddaş problemləri” şöbəsində əldə edilən təcrübə Fiziologiya İnstitutunda neyrofiziologiyanın inkişafına öz payını vermişdir.

Zakir müəllimin elmi-tədqiqat fəaliyyətinin əsas istiqaməti monoaminergik neyromediator sistemlərinin sinir proseslərinin plastiki təminatında iştirakının hüceyrə və sistem mexanizmlərinin tədqiqi olmuşdur. Onun “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə müdafiə etdiyi “Neokorteksin bioelektrik aktivliyinin monoaminerqik tənzimlənməsi” mövzusunda namizədlik, “Neyron və sinapsların plastik  xüsusiyyətlərinin modulyasiyasında biogen monoaminlərin iştirakının neyrofizioloji mexanizmləri” mövzusunda doktorluq dissertasiyaları bu istiqamətdə mühüm elmi-praktiki əhəmiyyəti olan tədqiqat işləridir. Alim uzunmüddətli tədqiqatlarından əldə edilən nəticələr əsasında təlım və yaddaş proseslərinin aktuallaşmasında monoaminergik neyrotransmissiyanın ikili təbiyyəti (neyromediator və neyromodulyator) haqqında təsəvvürləri ilk dəfə olaraq irəli sürmüşdür. Son illərdə onun rəhbərlik etdiyi laboratoriyada aparılan gözün torlu qişasının distrofiyasında neyrofizioloji mexanizmlərin öyrənilməsi üzrə biotibb yönümlü eksperimental tədqiqatlar da həm fudamental, həm də praktiki baxımdan xüsusi maraq kəsb edir.

Neyroelm sahəsində mütəxəssis kimi yerli və xarici dövrü nəşrlərdə 200-ə yaxın elmi əsər, o cümlədən 1 monoqrafiya çap etdirmişdir, onun rəhbərliyi altında 1 elmlər doktoru, 6 fəlsəfə doktoru hazırlanmışdır. Bununla yanaşı pedaqoji fəaliyyətlə məşğul olan alim Bakı Dövlət Universitetinin Biologiya fakultəsində ixtisas kurslarından mühazirələr oxumuş, yüksək erudisiyası, oratorluq qabiliyyəti ilə tələbələrin rəğbətini qazanmışdır.

Azərbaycan Fizioloqlar Cəmiyyətinin, Rusiya Neyroelmlər Cəmiyyətinin üzvü kimi fəaliyyət göstərmişdir.

Səmərəli elmi və elmi-təkilati fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı  ilə təltif edilmişdir.

Şərəfli ömür yaşamış professor Zakir Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

 

AMEA-nın akademik  Abdulla Qarayev adına Fiziologiya İnstitutu