XƏBƏRLƏR Arxiv 72 Çap et
29.03.2021 / Mühüm hadisələr Akademik Rasim Əliquliyev: “Dünya dövlətlərinin strateji gücü onların elmi potensialları ilə qiymətləndirilir”

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Elm gününə həsr olunmuş onlayn elmi seminarında çıxış edib.

Akademik son zamanlar dünya elmində gedən proseslərə, müasir çağırışlara adekvat olaraq elm və innovasiya, elm və təhsil, eləcə də elmin digər sahələr ilə inteqrasiyasının müşahidə olunduğunu və onun artıq qapalı sosial institut kimi yox, açıq bir mühit, fenomen kimi bütün proseslərə təsir edərək aparıcı mövqeyə çevrildiyini söyləyib. Alim hazırda dünya dövlətlərinin strateji gücünün onların elmi, intellektual potensialları ilə qiymətləndirildiyini, aparıcı ölkələrin öz görkəmli alimləri, elmi-tədqiqat institutları və innovasiya mərkəzləri ilə nüfuz qazandığını deyib.

R.Əliquliyev bildirib ki, ölkəmizin dövlət siyasətinin əsasında cəmiyyətin bütün sferalarında yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi və innovativ fəaliyyətin təşkili dayanır. Həyatımızın istənilən sahəsində qabaqcıl elmin tətbiqi, milli intellektual məhsulun formalaşması, daxili bazarımızın öz iqtisadi təhlükəsizliyini qoruyub saxlaması və xaricdən asılılığın azalması, qlobal dünyaya inteqrasiya, eyni zamanda inkişaf etmiş ölkələrlə müxtəlif sferalarda səmərəli əməkdaşlıqların təşkili Azərbaycanın regionda lider dövlətə çevrilməsinə rəvac verir. “Elm, innovasiya və yüksək texnologiyalar sahəsində aparılan məqsədyönlü siyasət, kosmik sənayenin formalaşdırılması, nüvə, nano və biotexnologiyaların tətbiqi üzrə aparılan tədqiqatlar Azərbaycanın yüksələn xətlə inkişafını şərtləndirən amillərdəndir”, - deyə alim bildirib.

AMEA-nın vitse-prezidenti müstəqil Azərbaycan dövlətinin təcavüzkar Ermənistan üzərində qələbəsi və tarixi torpaqlarımızın azad olunmasında qabaqcıl elmin, yüksək texnologiyaların həlledici rolunu vurğulayıb. Bildirib ki, Qarabağın Azərbaycanın əzəli və əbədi torpaqları olması ilə bağlı kifayət qədər elmi sübut və dəlillər mövcuddur. Məhz elmin xidmətidir ki, bu gün düşmənlə aparılan informasiya müharibəsində alimlərimiz söz sahibləridir. Tarixən Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan dövlətinin qaynaqlarının, qədim insan məskənlərinin, memarlıq abidələrinin yüksək səviyyədə tədqiq olunaraq cəmiyyətimizə, gənclərə, eləcə də dünya ictimaiyyətinə çatdırılması son dərəcə vacibdir. İnstitut direktoru Azərbaycan alimlərinin ölkəmizin dövlət siyasətinin formalaşması istiqamətində multidissiplinar tədqiqatlar apardıqlarını, həm humanitar, ictimai, həm də fizika, riyaziyyat, informatika və digər prioritet sahələrdə elmi məktəblər formalaşdırdıqlarını diqqətə çatdırıb.

Natiq bu gün təkcə AMEA deyil, ölkəmizin bütün ali təhsil müəssisələri və digər elmi tədqiqat qurumlarında fəaliyyət göstərən alimlərin qarşısında çox mühüm vəzifələrin dayandığını qeyd edib.  Bildirib ki, çoxsektorlu cəmiyyətimizdə biznes və vətəndaş cəmiyyətinin həmahəng inkişaf etməsi şəffaf, demokratik elmi mühitin və azad fikrin formalaşması üçün münbit şərait yaradır. R.Əliquliyevin sözlərinə görə, artıq Azərbaycanda vətəndaş cəmiyyətinin özünün elmi, yəni vətəndaş elmi formalaşır. Bu, o deməkdir ki, elm kütləviləşir, müxtəlif peşə sahibləri tərəfindən inkişaf etdirilir. “Elm həm də böyük, qüdrətli ordu, güclü iqtisadiyyat deməkdir.

Elm qlobal dünyaya inteqrasiyanı sürətləndirmək, ağıllı, şüurlu insanlar yetişdirmək deməkdir”, - söyləyən akademik, xüsusən də gənclərin elm sahəsində fəallığının Azərbaycan üçün böyük və işıqlı gələcək vəd etdiyini vurğulayıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.