XƏBƏRLƏR Arxiv 87 Çap et
05.04.2021 / Konfranslar, iclaslar Fiziologiya İnstitutu Elm Gününə həsr olunmuş seminar keçirib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Elm gününə həsr olunan tədbirlər çərçivəsində müəssisənin böyük elmi işçisi, hazırda ABŞ-da Buffalo Universitetinin Jacobs School of Medicine and Biomedical Sciences elmi mərkəzində postdok tədqiqatçı kimi çalışan b.ü.f.d. Şövqi Hüseynovla onlayn formatda görüş keçirilib.

Tədbirdə Fiziologiya İnstitutunun əməkdaşları ilə yanaşı, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Mikrobiologiya İnstitutu və digər təşkilatların əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Şövqi Hüseynov ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fulbrayt Proqramının 2020-ci il müsabiqəsinin qalibi kimi Buffalo Universitetində “Narkotik asılılığın molekulyar mexanizmlərinin və yeni müalicə yollarının araşdırılması” mövzusunda tədqiqat aparır.

Gənc alim görüş iştirakçıları ilə onu Amerikaya gətirib çıxaran Fulbrayt Proqramı üzrə müsabiqədə iştirakı, Nyu-York Dövlət Universitetlərinin (SUNY) tərkibinə daxil olan Buffalo Universitetinin tarixi, burada tibb və biotibb elmləri sahələrində aparılan müasir tədqiqatlar haqqında öz təəssüratları ilə bölüşdü, şəxsi tədqiqatlarının ilkin nəticələrini və gələcək planlarını diqqətə çatdırdı.     

Sonda məruzəçi çoxsaylı sualları cavablandırdı. Görüş iştirakçıları gənc tədqiqatçının fəaliyyətini yüksək qiymətləndirərək, gələcəkdə də xaricdə çalışan tədqiqatçılarımızla belə elmi-informasiya mübadiləsinin davam etdirilməsini təklif etdilər. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.