XƏBƏRLƏR Arxiv 60 Çap et
26.04.2021 / Konfranslar, iclaslar Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının ilk iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının ilk iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, problem şurasının sədri, akademik İradə Hüseynova açaraq ilk növbədə şuranın yaradılmasının zərurətindən danışıb, AMEA Rəyasət Heyətinin müvafiq qərarına diqqət çəkib. O, problem şurasının 25 nüfuzlu alimdən təşkil olunduğunu qeyd edərək, toplantı iştirakçılarını şuranın tərkibi ilə tanış edib, elmi sahələr üzrə formalaşdırılmış 5 işçi qrupuna və onların üzvlərinə dair məlumat verib.

Akademik İradə Hüseynova şura üzvlərini təqdim edərək biologiya, aqrar və tibb elmi sahələrinin qarşılıqlı əməkdaşlıq formatında fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Alim pandemiya dövrünün mürəkkəbliyi və ondan irəli gələn problemlərə toxunub, dünyada və ölkəmizdə bu istiqamətdə aparılan tədqiqat və tədbirlərdən söz açıb.

Akademik İradə Hüseynova ilk növbədə problem şurasına müzakirə üçün təqdim olunan mövzulara operativ baxılma formasının müəyyənləşdirilməsinin, prosesin sürətli və şəffaf şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayaraq, bunun həm də mövzu adlarında təkrarlara yol verilməməsi üçün mühüm addım olacağını bildirib. Mövzu adlarının təsdiqində işlərin aktuallığına diqqət yetirilməsinin önəmini vurğulayan akademik elmi-tədqiqat işlərinin yüksək səviyyədə yerinə yetirilməsi üçün müxtəlif təşkilatlarla sıx əlaqələrin yaradılmasının, mövcud imkanlardan səmərəli istifadənin mümkünlüyünü qeyd edib. Problem şurasının sədri “Elm haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin icrası istiqamətində problem şuralarından gözlənilən fəaliyyətlər barədə məlumat verib.

Sonra problem şurasının sədr müavini, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq meliorasiyası laboratoriyasının müdiri, aqrar elmləri doktoru Mustafa Mustafayev çıxış edərək prioritet istiqamətlərin inkişaf etdirilməsinin, təqdim edilən mövzu adlarının aktual olmasının, tədqiqatların səviyyəsinin günün tələblərinə uyğunlaşdırılmasının, plagiata yol verilməməsinin vacibliyini qeyd edib. Natiq işğaldan azad olunan ərazilərin bioloji müxtəlifliyinin, su və torpaq ehtiyatlarının araşdırılmasına yönələn elmi işlərə üstünlük verilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədr müavini, AMEA-nın müxbir üzvü Nuru Bayramov problem şurasının tərkibini təbrik edərək fəaliyyətində uğurlar arzulayıb. Şuranın müxtəlif sahələrdə işçi qruplarının fəaliyyətini və ahəngdar inkişafını təmin etmək üçün elektron saytın yaradılmasının əhəmiyyətini bildirib. Bir neçə il əvvəl BTEB-in internet saytında dissertasiyalar üzrə səhifənin (http://bteb.science.gov.az/az/dissertation) yaradıldığını qeyd edərək onun işini nümayiş etdirib.

BTEB-in Elmi şurasının sədr müavini, Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov problem şurasının və onun işçi qruplarının ciddi seçim əsasında nüfuzlu alimlərdən formalaşdırıldığından məmnunluğunu bildirib, onların fəaliyyətinə uğurlar arzulayıb.

Tədbirdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdirləri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, professor Səftər Süleymanov, biologiya elmləri doktoru Yaşar Feyziyev, Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov, TƏBİB-in V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev, Azərbaycan Tibb Universitetinin (ATU) kafedra müdiri, tibb elmləri doktoru, professor Eldar Qasımov, BDU-nun Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən, fizika elmləri doktoru, professor Rövşən Xəlilov, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor Nizami Bağırov, ATU-nun II Cərrahi xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru Rasim Cəfərli, Fiziologiya İnstitutunun laboratoriya müdiri, tibb elmləri doktoru, professor Əli Allahverdiyev, Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Asif Manafov, Mikrobiologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, dosent Könül Baxşəliyeva və digərləri problem şurasının və işçi qruplarının fəaliyyətinin səmərəli təşkili ilə bağlı fikirlərini bölüşüb, konkret olaraq müxtəlif istiqmətlərdə yeni tədqiqat üsullarının mənimsənilməsi və yüksək ixtisaslı kadr potensialının yetişdirilməsinin önəmini vurğulayıblar. Çıxış edənlər qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi apararaq dünyada elm qarşısında duran real problemlərdən söz açıblar, ən müasir istiqamətlərdə elmi araşdırmaların genişləndirilməsi və bu məqsədlə multidissiplinar layihələrin vacibliyi, ciddi nəticələrin əldə edilməsi üçün elmin maddi-texniki bazasının gücləndirilməsinin məqsədəuyğunluğu haqqında öz düşüncələrini bölüşüblər.

Daha sonra problem şurasının elmi katibi, Botanika  İnstitutunun Mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva dissertasiya mövzularının təsdiqi üçün artıq 65 iddiaçının müraciət etdiyini bildirib, işçi qruplardan daxil olmuş dörd iddiaçının mövzusunu iclas iştirakçılarının diqqətinə çatdırıb. Hər bir mövzu və iddiaçı barədə təqdimat formasında məlumat verilib. Aparılan müzakirələrdə AMEA-nın müxbir üzvü Nuru Bayramov, Botanika İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Elman İsgəndər, tibb elmləri doktoru Rasim Cəfərli, biologiya elmləri doktoru Aydın Əsgərov və digərləri iştirak ediblər. Qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Sonda ay ərzində bir dəfə olmaqla problem şurasının iclaslarının keçirilməsinə qərar verilib.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.