XƏBƏRLƏR Arxiv 125 Çap et
06.07.2021 / Konfranslar, iclaslar İnstitutun əməkdaşları beynəlxalq konqresdə iştirak edib

5-6 iyul 2021-ci il tarixində Zoom platforması üzərindən “Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV Beynəlxalq onlayn konqres keçirilib.

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və bölmənin strukturunda fəaliyyət göstərən   Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu,  Genetik Ehtiyatlar İnstitutu ilə yanaşı Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu da konqresin təşkilatçısı olub.

Tədbirdə çıxış edən akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova müasir dövrdə elmi fəaliyyətin məzmununda, tədqiqat metodlarında və alınan nəticələrin tətbiq texnologiyaları, istifadə üsullarında mütərəqqi xarakterli yeniliklərin tələb olunduğunu söyləyib. Qeyd edib ki, tibb elmində innovativ inkişaf insan sağlamlığının təmin edilməsini, o cümlədən sosial əhəmiyyətli məsələlərlə mübarizədə multidissiplinar yanaşmaların, innovativ diaqnostika və müalicə üsullarının işlənib hazırlanmasını nəzərdə tutur.

Fiziologiya İnstitutunun BMT Malta Beynəlxalq Qocalma İnstitutunun region üzrə təmsilçisi olduğunu qeyd edən U.Həşimova burada həyata keçirilən innovativ xarakterli layihələrdən də bəhs edib.

Biotibb istiqamətləri üzrə aparılan tədqiqatların nəticələri isə konqresdə institutun əməkdaşları  tərəfindən məruzələrlə təqdim olunub. Konqresin ilk günü 15 zoom otaqdan səkkizinə, ikinci gün isə 8 zoom otaqdan birinə Fiziologiya İnstitutunun əməkdaşları moderatorluq edib. 18 ölkəni təmsil edən 300-dən çox alim və mütəxəssisin iştirak etdiyi konqresdə Fiziologiya İnstitutundan 30-dan çox əməkdaşın Azərbaycan, rus və ingilis dillərində məruzəsi dinlənilib. Konqresdə dinlənilən məruzələr və onların ətrafında aparılan müzakirələr böyük maraq doğurub, yüksək qiymətləndirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.