XƏBƏRLƏR Arxiv 45 Çap et
07.10.2021 / Maraqlı məlumatlar Venera buludları vasitəsilə Günəş işığı Yer planetindəkinə bənzər fotosintezi dəstəkləyə bilər

“Astrobiology” jurnalında nəşr olunan məqalədə tədqiqatçılar Günəş enerjisinin tutulması və kimyəvi enerjiyə çevrilməsi prosesi olan Yerə bənzər fototrofiyanın Venera buludlarında mövcud olduğunu bildiriblər.

“Tədqiqatımız Veneranın buludlarında fototrofiya və ya mikroorqanizmlərin hemotrofiyası potensialının əhəmiyyətli dərəcədə dəstəklənməsini təmin edir”, - deyə Kaliforniya Dövlət Politexnik Universitetinin Kimya və biokimya kafedrasının tədqiqatçısı, professor Rakeş Mogul bildirib.

“İnanırıq ki, hazırda Mars və Yupiterin peyki Avropa üçün planlaşdırılan layihələr kimi, Veneranın buludları da həyatın mövcudluğunu aşkarlama missiyaları üçün böyük bir hədəf olacaq”.

Professor R.Mogul və həmkarları Yerdəki kimi, Veneranın buludlarında olan hipotetik fototrofların da gün ərzində Günəş enerjisinə çıxış əldə edə biləcəyini və infraqırmızı enerjiyə görə fotosintezin gecə boyu davam edə biləcəyini aşkar ediblər.

Qeyd olunub ki, Venera buludlarında həm Günəş, həm də termal radiasiya Yerdə tapılan fotosintetik piqmentlər tərəfindən udula bilən işığın dalğa uzunluqlarına malikdir.

Tədqiqatçılar, həmçinin Venera atmosferində səpilmə və absorbsiyanın həyat üçün zərərli olan ultrabənövşəyi şüaların çoxunu Günəş işığından təmizləyərək Yerin ozon təbəqəsi kimi bir təbəqəni təmin etdiyini müəyyən ediblər.

Son tədqiqatlardan birində Veneranın buludlarının Yerdəki həyatı dəstəkləmək üçün çox quru olduğu qənaətinə gəlinsə də, professor R.Mogul və həmkarları Venera buludlarının kimyəvi şərtlərinin qismən ammonium bisulfit kimi kükürd turşusunun neytrallaşdırılmış formalarından ibarət ola biləcəyini təsbit ediblər.

Bu kimyəvi şərtlər əvvəlki hesablamalarla müqayisədə daha yüksək su aktivliyi və Veneranın indiki modelləri ilə müqayisədə daha aşağı turşuluq nümayiş etdirir.

Tərcümə etdi: Alidə ZEYNALOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin aparıcı mütəxəssisi

http://www.sci-news.com