XƏBƏRLƏR Arxiv 59 Çap et
08.10.2021 / Konfranslar, iclaslar Akademik Teymur Kərimlinin “Nizami və tarix” kitabının imza günü keçirilib

Bakı Ekspo Mərkəzində VII Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Nizami və tarix” kitabının təqdimatı və imza günü keçirilib.

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə yenidən işlənərək nəşr olunmuş kitabın təqdimat mərasimində ədəbiyyatşünaslar, media nümayəndələri, ali məktəb tələbələri, müxtəlif kitabxana və nəşriyyatların əməkdaşları iştirak edib, kitab haqqında fikirlərini bildiriblər.

Akademik Teymur Kərimli tədbirdə ilk öncə müəllifi olduğu kitab haqqında məlumat verərək monoqrafiyada Nizami Gəncəvi yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə probleminin müxtəlif rakurslardan nəzərdən keçirildiyini, “Xəmsə”də tarixi şəxsiyyət və mühit, eləcə də hökmdar surətlərinin tarixi təkamülü, həmçinin “Xəmsə”nin tarixi poetikası məsələlərinə aydınlıq gətirildiyini qeyd edib.

Sonra oxucuların marağına səbəb olan kitabın imza mərasimi keçirilib.

Xatırladaq ki, kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, redaksiya-nəşriyyat heyətinin üzvləri filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov və filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevadır.

www.science.gov.az