XƏBƏRLƏR Arxiv 146 Çap et
25.09.2019 / Konfranslar, iclaslar Fiziologiya İnstitutun nümayəndə heyəti beynəlxalq konqresdə institutu təmsil edib

23-25 sentyabr 2019-cu ildə Gürcüstanın Tbilisi şəhərində İvane Beritaşvili adına Gürcüstan Fizioloqlar Cəmiyyətinin IV Beynəlxalq Konqresi keçirilib. Beynəlxalq Konqres Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təşkil etdiyi hər il keçirilən Elm və İnnovasiyalar Festivalı çərçivəsində baş tutub. Təbirdə İsveç, Avstriya, Portuqaliya, Bolqarıstan, Rusiya, Belarus, Ukrayna və s. kimi xarici ölkələrdən mütəxəssislər iştirak edib.

Konqresdə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri və Gürcüstan Fizioloji Cəmiyyətinin fəxri üzvü, professor U.F. Həşimova başda olmaqla 5 nəfərdən ibarət nümayəndə heyəti institutu təmsil edib. Nümayəndə heyətinin tərkibində "İnteqrativ fəaliyyətin molekulyar əsasları" laboratoriyasının rəhbəri, b.e.d. A.Ə. Mehdiyev; həmin laboratoriyanın böyük elmi işçisi, b.ü.f.d. Ş.B. Hüseynov; "Ekotoksikologiya" laboratoriyasının baş elmi işçisi, b.e.d. X.Y. İsmayılova; "Uzunömürlülüyün fiziologiyası" laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Z.M. Qədimova, institutun dissertantı M.B. Sultanov olublar. Qeyd etmək lazımdır ki, iştirakçılar öz məruzələrini ingilis dilində təqdim etmişdir və bu məruzələrdən 3-ü plenar sessiyada baş tutub.

Professor U.F. Həşimova plenar sessiyaya həmsədrlik edərək Azərbaycanda yüksək uzunömürlük indeksli populyasiyaların öyrənilməsi üzrə elmi-tədqiqat proqramının nəticələri haqqında məruzə ilə çıxış edib. Məruzə müxtəlif ölkələrdən olan iştirakçılar tərəfindən böyük maraqla dinlənilib. Avstriyalı alim, professor Ursula Vindberger və Gürcüstanlı tədqiqatçı, professor Marina Nikalaishvili bu sahədə aparılan tədqiqatlarda əməkdaşlığa hazır olduqlarını bildirmişlər. Qərara alınmışdır ki, bu əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirmək üçün müzakirələr davam etdirilməlidir.

Tədbirin sonunda İvane Beritaşvili adına Eksperimental biotibb mərkəzinin direktoru, professor David Nadareişvilinin Azərbaycan Fizioloqlar Cəmiyyətinin fəxri üzvü seçilməsi haqqında sertifikat ona təqdim edilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.